11/04/2018

YAP İlham Əliyevin seçkilərdə qələbəsini möhtəşəm konsert proqramı ilə qeyd edib

Aprelin 11-də  keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  Sədri cənab İlham Əliyev xalqın mütləq  əksəriyyətinin etimadını  qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının üzvləri cənab İlham Əliyevin bu parlaq qələbəsini paytaxtın Sahil bağında «İlhamla İrəli!» möhtəşəm konsert proqramı ilə qeyd ediblər.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini, AMEA-nın prezidenti  Akif Əlizadə qələbə münasibətilə bütün vətəndaşları təbrik edib və bu qələbəni tarixi gün adlandırıb. O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi  ilə daha böyük nailiyyətlərə imza atacaq.

Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov xoş xəbəri  tədbir iştirakçılarına çatdırıb və  bu möhtəşəm qələbə münasibəti ilə xalqa təbriklərini çatdırıb: «İndilərdə MSK rəsmi şəkildə cənab İlham Əliyevin qələbəsini elan etdi. Bu münasibətlə partiyamızın Sədri, Prezident İlham Əliyevi təbrik edirəm: “Qələbən mübarək hörmətli Prezidentim, qələbən mübarək Yeni Azərbaycan Partiyası, qələbən mübarək Azərbaycan xalqı. Bu qələbə cənab İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə eyni zamanda Azərbycan xalqının qələbəsidir. Çünki  İlham Əliyevin yenidən Prezident seçilməsi, yenidən Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi , əminamanlığın, sabitliyin qorunması deməkdir. Bu, hər bir vətəndaşın öz gələcəyinə ümidlə baxması deməkdir».

“Cənab İlham Əliyevin  seçkilərdə bu parlaq qələbəsi ilə keçdiyimiz şərəfli 15 ilin davamına başlayırıq. Bu gündən ölkəmizdə növbəti inkişaf, tərəqqi və yüksəliş yolu başlayır”, - deyən, Əli Əhmədov,  Azərbaycan xalqının da bu şərəfli yolu Prezident İlham Əliyevlə birgə keçmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, məhz Prezident İlham Əliyev arxada qoyduğumuz 15 il ərzində Azərbaycanı yüksəkliklərə apara bilib: “İlham Əliyev Azərbaycanı möhtəşəm inkişafın ən yüksək pilləsinə qaldırdı. Və təbiidir ki, növbəti 7 ildə də bu yolla gedəcəyik, yenə də bu inkişaf davam edəcək”.

YAP-ın Sədr müavini çıxışında daha sonra qeyd edib ki, o millət xoşbəxtdir ki, öz liderini sevir, Ona arxa durur. Və bu gün Azərbaycan xalqının böyük əksəriyyəti bu dəstəyi öz Liderinə göstərdi.

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdəki bu inkişaf növbəti illərdə də davam edəcək. Bunun ciddi əsasları var. Bu, xalqın İlham Əliyevə olan sevgisi, məhəbbəti və Onu dəstəkləməsidir. Bunun kökü isə İlham Əliyevin öz xalqını sevməsindədir. Qarşılıqlı sevgi, qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət bizi bu günümüzə gətirib çıxardı”” – deyən, Əli Əhmədov bu qələbə  münasibəti ilə Azərbaycan xalqını, eləcə də meydana toplaşanları təbrik edib.

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR