09/04/2018
Lənkəranda 15 min nəfərin iştirakı ilə mitinq keçirilib
YAP Mərkəzi Seçki Qərərgahı prezidentliyə namizəd cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində aprelin 8-də Lənkəran şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm zirvə görüşü keçirdi.
Zirvə görüşündə 15 mindən çox lənkəranlı seçici iştirak edirdi. Zirvə görüşünə gələn seçicilər qonaqları alqışlarla “İlhamla irəli”şüarı ilə qarşıladılar.
Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri Möhübbət Babayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi dövründə Lənkəranda sosial-iqtisadi inkişaf barədə məlumat verərək qeyd etmişdir ki, ötən illər ərzində rayonda yeni sənaye müəssisələri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilmiş, yaxud da əsaslı təmir olunmuşdur. Kənd təsərrüfatında böyük nailiyyətlər qazanılmış, məhsul istehsalı çoxalmış, maaş və müavinətlər dəfələrlə artmış, yaşayış səviyyəsi yüksəlmişdir.
Möhübbət Babayev çıxışının sonunda hamını bir daha 11 aprel prezident seçkiləri günü bir nəfər kimi seçki məntəqələrinə gedib Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.
Milli Məclisin deputatlarından Hadı Rəcəbli, Cavanşir Paşazadə, Rüfət Quliyev, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, professor Mustafa Babanlı “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkədə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açdılar.
Zirvə görüşünə qatılan lənkəranlı seçicilər cənab İlham Əliyevin ünvanına sürəkli alqış və şüarlar səsləndiriblər.
Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olundu.