02/04/2018

Saatlıda 10 min seçici "İlhamla irəli" dedi

Yeni Azərbaycan Partiyası  Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə zirvə görüşü keçiriblər. Görüşdə 10 minədək seçici iştirak edib.

Zirvə görüşündə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi keçirdiyi bütün çox saylı görüşlərə seçicilər böyük maraqla qatılırlar. Bütün bunlar onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək. Xüsusilə saatlılar həmişə ölkəmizin başçısına böyük sevgi və məhəbbətlə yanaşıblar, ona güvənc yeri kimi baxıblar.

Zirvə görüşündə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Son illərdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən, Prezident İlham Əliyevin «XXI əsrin layihəsi» adlandırdığı «Cənub qaz dəhlizi» layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir. Həmçinin «Dəmir İpək yolu» adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır.
Əhliman Əmiraslnov vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun «2017-2018 Qlobal Rəqabətlilik Hesabatı»nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, Azərbaycan «Qlobal rəqabət qabiliyyəti» hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır. Məhz bütün bu ciddi inkişaf göstəricilərinə rəğmən demək olar ki, xalqımız bu uğurların davam etməsi  üçün yenidən cənab İlham Əliyevə səs verəcəkdir.

Zirvə görüşündə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 

rektoru Mustafa Babanlı çıxış edərək vurğulayıb ki,  Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək.

Prezidentimizin dəfələrlə «Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır» fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır.

Rektorun sözlərinə görə bu bir danılmaz faktdır ki, mövcud Azərbaycan XX əsrin 90-cı illərinin Azərbaycanı deyil. 2016-cı ilin aprel döyüşlərində düşməni əzən, hərbi baxımdan xeyli sayda strateji yüksəklikləri, ümumən isə 2 min hektara qədər işğal altında olan ərazimizi azad edən Azərbaycan ordusu isə inkişaf edən Azərbaycanın real mənzərəsidir.

Rektor qeyd edib: «Biz ziyalılar inanırıq ki, xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.»

Zirvə görüşündə Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir. Sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halı yaxşılaşır.

 Zirvə görüşündə çıxış edən saatlılar bildiriblər ki, firavanlığın  və inkişafın müəllifi  cənab İlham Əliyevə səs verəcəyik.  

Görüş möhtəşəm konsert proqramı ilə davam edib.

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR