02/04/2018

Yevlaxlılar əldə olunan nailiyyətlərin davamına səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində Yevlax şəhərinin mərkəzində mitinq-görüş keçirilib.

 Görüşdə Milli Məclisin deputatı, AHİK-in  sədri Səttar Möhbalıyev, Milli Məclisin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verib. O bildirib ki, bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də yevlaxlı seçicilər cənab İlham Əliyevə səs verəcəklər.

Milli Məclisin deputatı, AHİK-in  sədri Səttar Möhbalıyev çıxış edərək bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar prezident İlham Əliyevin siyasətinin nəticəsidir. S.Möhbaliyev uğurların davamlı olması üçün yevlaxlı seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər qarşısında çıxış edən YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə edilən uğurlardan danışıblar. Qeyd olunub ki, həyata keçirilən müvafiq Dövlət proqramları Yevlaxın da inkişafına təkan verib. Məhz buna görə də yevlaxlı seçicilər aprelin 11-də bu uğurların davamına səs verəcəklər.

Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR