26/03/2018
Ağstafalılar ölkənin nurlu sabahına səs verəcəklər
11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafa rayonunun mərkəzində mitinq keçirilib.
Mitinqdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvləri - Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov iştirak ediblər.
Mitinqdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ramiz Tatarov seçiciləri seçki günü fəal olmağa çağırıb: «Təbii ki, ölkənin hər bir vətəndaşı öz həyatında bu inkişafı hiss edir. O cümlədən Ağstafa rayonunda da quruculuq işləri böyük vüsət alıb. Ağstafalılar cənab İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. İnanırıq ki, 11 aprel seçkilərində xalqımız bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcək.»
Tədbir respublikanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilib.