26/03/2018
Tərtərlilərin birmənalı seçimi İlham Heydər oğlu Əliyevdir!
Tərtər rayonunun mərkəzi stadionunda Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində möhtəşəm mitinq-konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, akademik Vaqif Abbasov, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Mitinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Tərtər rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, 2018-ci ilin 11 aprelində keçiriləcək Prezident seçkilərinin rayonda böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə keçiriləcəyini bildirib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin son 15 ildəki ölkə Prezidenti kimi fəaliyyəti, gördüyü işlər, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması üçün yürütdüyü daxili və xarici siyasət bu gün Vətənimizin hər yerdə sayılan, hesablaşılan bir dövlətə çevrilməsini təmin edib. “Cənab İlham Əliyevin daim xalqın yanında olması, əhalinin sosial-rifah halının durmadan yaxşılaşdırılması istiqamətində atacaq addımları təmin edəcək Fərman və sərəncamlar imzalaması bir daha sübut edir ki, möhtərəm Prezident özünün qeyd etdiyi kimi, hər bir Azərbaycan vətəndaşının Prezidentidir”-deyə natiq vurğulayıb.
Seçicilərlə görüşdə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Rzayev və akademik Vaqif Abbasov da öz növbələrində YAP-ın namizədi, hazırki Prezidentimiz İlham Əliyevin tarazlı xarici siyasəti nəticəsində dövlətimizin daha da qüdrətlənməsi üçün ardıcıl iş aparıldığını, Azərbaycanın dünya dövlətləri içərisində ən stabil və təhlükəsiz dövlətə çevrildiyini Azərbaycan xalqının sülh və əmin amanlıq şəraitində yaşayıb- yaratdığına hər tərəfli şəraitin formalaşdığını bildiriblər.
Kütləviliyi ilə seçilən mitinq-konsertdə bir daha vurğulanıb ki, tərtərlilər bu dəfəki Prezident seçkilərində də birmənalı olaraq, Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində qətiyyətli mövqe nümayiş etdirən İlham Heydər oğlu Əliyevə səs verəcəklər.