İlhamla irəli - Ölkənin inkişafı, insanın rifahı naminə Prezidentliyə namizəd cənab İlham Əliyevin

Seçki proqramı

Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Qarşıda isə yeni və böyük vəzifələr dayanır. Təqdim olunan proqram keçilən yolun nailiyyətlərinə əsaslanır, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə “İlhamla irəli” devizi altında 15 il ölkəmizə xidmət göstərmiş siyasətin bundan sonra da davam etdirilməsinə, dövlətimizin qüdrətini və əzəmətini daha da artırmaq məqsədlərinin gerçəkləşdirilməsinə hədəflənmişdir. İnanırıq ki, hörmətli seçicilərimiz bu proqramı bəyənəcək, onun həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə İlham Əliyevə səs verəcək.

 

SÜRƏTLİ İQTİSADİ İNKİŞAF

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə Ümumi Daxili Məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 23 dəfə artmış, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşmışdır. Müqayisə edilən illərdə xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artmışdır. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olmuşdur.

Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olmuşdur.

2018-2025-ci illərdə növbəti iqtisadi yüksəlişin təmin edilməsi sayəsində aşağıdakı hədəflər dayanır:

  • dərin iqtisadi islahatların ardıcıl surətdə davam etdirilməsi;
  • ümumi daxili məhsulun illik 3%-dən yuxarı artımına nail olunması;
  • iqtisadiyyatın şaxələndirilməsi istiqamətində növbəti addımların atılması;
  • iqtisadiyyatda qeyri-neft sektorunun xüsusi çəkisinin artırılmasının təmin edilməsi;
  • Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracı və nəqliyyat kommunikasiyası sahələrində rolu və mövqeyinin daha da gücləndirilməsi;
  • kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac potensialının əhəmiyyəti dərəcədə artırılması;
  • aqrar sektorda məşğulluğu artırmaqla yerli istehsalın gücləndirilməsi;
  • yerli məhsulların ixrac coğrafiyasının genişləndirməsi;
  • kiçik və orta sahibkarlığa dövlət dəstəyinin daha da artırılması.

 

İNSANLARIN RİFAHININ YAXŞILAŞDIRILMASI

Azərbaycan vətəndaşı, onun sosial qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyinin təmin olunduğu strateji xəttə uyğun olaraq əhalinin sosial rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması və məşğulluğunun təmin edilməsi, yoxsulluq dərəcəsinin aşağı salınması istiqamətlərində əhatəli kompleks tədbirlər həyata keçirilmişdir. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əmək haqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. Hər 100 ailəyə 52 avtomobil düşür,    1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmişdir. İşsizliyin səviyyəsi 9.2%-dən 5%-ə, yoxsulluğun səviyyəsi 44.7%-dən 5.4%-ə enmiş, 250 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.

Əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılmış, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Güclü sosial siyasətin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı sosial qayğı ilə əhatə olunmasına imkan yaratmış, sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə xüsusi diqqət gücləndirilmişdir.

Paytaxtdakı və regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, işsizliyin səviyyəsinin xeyli aşağı salınmasına, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olmuşdur.

Ölkəmiz 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmiş, 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə "Cənub-Cənub" mükafatına layiq görülmüşdür.

2018-2025-ci illərdə əhalinin rifahının yaxşılaşdırılması sahəsində aşağıdakı hədəflər dayanır:

  • əmək haqlarının və əhalinin gəlirlərinin artırılmasına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi;
  • yeni iş yerlərinin açılması xəttinin davam etdirilməsi;
  • pensiyaçıların artırılması, çoxuşaqlı ailələrin, əlillərin sosial müdafiəsinin gücləndirilməsi;
  • məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması davam etdirilməsi;
  • aztəminatlı ailələr arasında rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması, kiçik və orta sahibkarlığı dəstəkləməyə yönələn sosialyönlü layihələrin reallaşdırılması;
  • əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi, sosial qütbləşmənin aradan qaldırılmasının təşviq edilməsi;
  • əhalinin işlə təmin olunmasında özünəməşğulluq formasından geniş istifadə edilməsi;
  • sosial ipoteka və sosial mənzil tikintisinin artırılması;
  • ucqar regionlarda, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətlərinin yüksəldilməsi.

 

TƏHSİLİN, SƏHİYYƏNİN İNKİŞAFI, SAĞLAM HƏYAT TƏRZİNİN TƏŞVİQ EDİLMƏSİ

Ötən illərdə Azərbaycanın təhsil sistemində köklü islahatlar həyata keçirilmiş və təhsildə keyfiyyətcə yeni nəticələr əldə olunmuşdur. Həmçinin, dövlətin dəstəyi nəticəsində ölkəmizin səhiyyə sistemində aparılan uğurlu islahatlar tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, ixtisaslı kadrların hazlırlanmasına və vətəndaşların yüksək səhiyyə xidmətləri ilə təmin olunmasına səbəb olmuşdur.

Son 15 ildə təhsilə ayrılan xərclər 7.6 dəfə, elmə ayrılan xərclər 6.6 dəfə artmışdır. Bu dövrdə səhiyyəyə ayrılan xərclər 13.5 dəfə çoxalmışdır. 2003-cü ildən bu günədək 3100 yeni məktəb binası, 304 yeni tibb müəssisəsi inşa olunmuşdur. Bundan başqa, 33 Olimpiya İdman Kompleksi tikilərək vətəndaşların istifadəsinə verilmişdir. 3500 nəfər tələbə dövlət hesabına xaricdə təhsil almışdır. Əhalinin ödənişsiz tibbi müayinəyə cəlb olunması təmin edilmişdir.

2018-2025-ci illərdə Azərbaycanda təhsil və səhiyyə sahəsində uğurla həyata keçirilməsi planlaşdırılan hədəflər aşağıdakılardır:

  • insan Kapitalının inkişaf etdirilməsi;
  • təhsilin bütün pillələrində keyfiyyətin artması;
  • əhaliyə səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması;
  • uşaqların sağlamlığının qorunması sahəsində dövlət proqramların qəbulu, Milli Onkologiya Mərkəzi yanında Nüvə Təbabəti mərkəzinin qurulması;
  • səhiyyədə “xəstəliklərin müalicəsi” prinsipindən “xəstəliklərin profilaktikası” prinsipinə keçidin təmin edilməsi;
  • sağlam həyat tərzi infrastrukturunun inkişaf etdirilməsi;
  • İcbari Tibbi Sığortanın ölkə miqyasında tətbiqi;
  • ailə həkimi institutunun yaradılması.

 

MODERNLƏŞMƏ VƏ İSLAHATLAR XƏTTİNİN DAVAM ETDİRİLMƏSİ

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm üstünlüklərindən biri ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların dərin konseptual əsaslar və hər sahədə dinamik inkişafı təmin edən konkret proqramlarla dəstəklənməsidir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və “Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiysı”nın postneft dövrünün yeni çağırışlarına uyğun hədəflərin reallaşdırılmasında, informasiya kommunikasiya sektorunun inkişafında, müasir innovasiyaların tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsində İKT-nin rolunun əsaslı şəkildə artırılmasının mühüm rolu olmuşdur. 15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmiş, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini qoruyub saxlaymışdır. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınmışdır. Həmçinin ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olmuşdur. Ölkə ərazisində internetin tətbiqi genişləndirilmiş və internet istifadəçiləri əhalinin 78 faizini təşkil etmişdir. İKT sektorunun iqtisadiyyatında payı 3,7 dəfə artmışdır. Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur.

Növbəti 7 ildə həyata keçirilməsi planlaşdırılan hədəflər sırasında aşağıdakıları sadalamaq mümkündür:

  • iqtisadi islahatların intensivləşdirilməsi;
  • innovativ iqtisadiyyatın formalaşması;
  • müasir texnologiyaların tətbiqi;
  • elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların tətbiq edilməsi;
  • fundamental elmi tədqiqatların genişləndirilməsi və istehsala tətbiqinin gücləndirilməsi.

 

SABİTLİK VƏ TƏHLÜKƏSİZLİYİN DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ

İctimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2013-2018-ci illərdə Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri olub. Həmin dövr Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb.

Azərbaycanda ictimai-siyasi sabitliyin mənbəyi xalq iqtidar birliyi, həyata keçirilən düzgün siyasət və vətəndaşların sosial rifahının yüksəldilməsi olub.

Ölkəmizdə bütün dinlərin və mədəniyyətlərin təmsilçiləri əmin-amanlıq, sülh, tolerant və multikultural mühitdə yaşayırlar.

Milli təhlükəsizliyimizin təminatçısı olan Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirilib, hərbi sənayemiz inkişaf etdirilib. Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduğunu bir daha sübut edib.

2018-2025-ci illərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində aşağıdakı hədəflər dayanır:

  • milli təhlükəsizliyin və ictimai-siyasi sabitliyin daha da gücləndirilməsi;
  • hərbi qüdrətimizin artırılması, ordu quruculuğunun davamlı olaraq həyata keçirilməsi;
  • hüquq-mühafizə orqanlarının işinin gücləndirilməsi və təkmilləşdirilməsi;
  • insanların həyatına təhlükə yarada biləcək bütün halların qarşısının alınmasının təmin edilməsi;
  • vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi;
  • sabitliyi təhdid edə biləcək mümkün risklərə qarşı effektiv mübarizənin aparılması.

 

İNSAN HÜQUQ VƏ AZADLIQLARINA TƏMİNATIN GÜCLƏNDİRİLMƏSİ

Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin olunması daim diqqət mərkəzində olub. Həyata keçirilən uğurlu siyasət sayəsində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi nəticələr əldə olunub.

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2009 və 2016-cı illərdə keçirilən referendum insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasında növbəti mühüm addım olub.

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə" Milli Fəaliyyət Planı və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul edilib. Cinayət hüququ və penitensiar sahədə beynəlxalq hüquqa uyğun islahatlar aparılıb. Ölkəmizdə söz, mətbuat, dini etiqad və vicdan azadlığı yüksək səviyyədə təmin edilib. Prezident yanında KİV-ə dəstək fondu yaradılıb. 11 amnistiya aktı qəbul edilib, minlərlə insan azadlığa buraxılıb.

2018-2025-ci illərdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində aşağıdakı hədəflər dayanır:

  • insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi;
  • demokratik islahatların dərinləşdirilməsi;
  • vətəndaş cəmiyyəti təsisatlarının daha da gücləndirilməsinin təmin edilməsi;
  • tolerantlıq və multikulturalizm prinsipinin təşviqinin gücləndirilməsi;
  • penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və aşkarlığın təmin edilməsi;
  • KİV-in və QHT-lərin inkişafına dövlət dəstəyinin davam etdirilməsi;
  • aşkarlıq və iştirakçılıq prinsiplərinin daha da inkişaf etdirilməsi.

 

İDARƏETMƏ SAHƏSİNDƏ İSLAHATLAR

Ötən müddət ərzində ölkəmizdə həyata keçirilən konstitusional və institusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsi yaradıb.

Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb, respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb. Vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib. Dayanıqlı inkişafın, ərzaq təhlükəsizliyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilib.

“ASAN” xidmətin, Elektron hökumətin, Dövlət İmtahan Komissiyasının yaradılması, bələdiyyə idarəçiliyində effektivliyin artırılması, müxtəlif idarəetmə orqanlarının birləşdirilərək funksionallığının artırılması idarəetmənin təkmilləşdirilməsinə səbəb olub.

2018-2025-ci illərdə idarəetmə sahəsində aşağıdakı hədəflər dayanır:

  • idarəetmə sahəsində islahatların davam etdirilməsi;
  • dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarət mexanizminin gücləndirilməsinin təşviq edilməsi;
  • ASAN xidmət sisteminin əhatə dairəsinin genişləndirilməsi;
  • dövlət qurumlarının fəaliyyətinin səmərəlilik və aşkarlıq əmsalının daha da artırılması;
  • regional idarəetmədə optimallaşma səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • bələdiyyə xidmətlərinin daha da təkmilləşdirilməsi.

 

Uğurlu xarici siyasətin davam etdirilməsi

Azərbaycan xarici siyasət sahəsində mühüm uğurlar əldə edib. Bu siyasətin əsas prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi təşkil edib.

Həyata keçirilən hücum diplomatiyası uğurla davam etdirilib. Avropa Şurası, ATƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edib, ölkəmiz regional liderliyini qoruyub.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər müxtəlif beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılıb. İƏT-ə üzv olan ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıyıb. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası uğurla davam etdirilib, 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olub. Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv və substantiv danışıqlar mərhələsi ölkəmizin ərazi bütövlüyü prinsipi çərçivəsində aparılır.

Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Avropa İttifaqı ilə tərəfdaşlıq yüksək səviyyəyə çatdırılıb.  Bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji rolunu möhkəmləndirib.

2018-2025-ci illərdə xarici siyasət sahəsində aşağıdakı hədəflər dayanır:

  • Azərbaycanın beynəlxalq və regional mövqelərinin daha da möhkəmləndirilməsi sahəsində səylərin artırılması;
  • Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün resursların səfərbər olunması;
  • hücumçu diplomatiya strategiyasının davam etdirilməsi;
  • Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsi;
  • ərazi bütövlüyümüzün bərpa edilməsi üçün BMT qətnamələrinin yerinə yetirilməsi mexanizminin işə düşməsinə nail olunması;
  • ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif diplomatik formatlarda inkişaf etdirilməsi;
  • beynəlxalq təşkilatlarda fəal təmsilçiliyin gücləndirilməsi.