23/03/2018
Füzulilərin seçimi cənab İlham Əliyevdir
«İlhamla irəli» devizi ilə təşviqat kampaniyasına uğurla start verən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Füzuli rayon şöbəsi martın 22-də Horadiz şəhərindəki «Qəhrəmanlar parkı»nda füzulili seçicilərlə möhtəşəm görüş keçirib.
Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bildirib ki, füzulilər 11 aprel prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Ona görə ki, xalqımız Prezidentin 15 illik fəaliyyətini yüksək qiymətləndirir. Məhz onun qətiyyətli siyasi fəaliyyəti nəticəsində Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə güc və söz sahibi olub. Biz ölkəmizin və xalqımızın daha böyük inikşaf hədəflərinə çatmasını istəyiriksə yenidən Prezident İlham Əliyevə etimad göstərməliyik.
Seçicilərlə görüşdə Milli Məclisin deputatı Rüstəm Xəlilov çıxış edərək bildirib ki, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin Azərbaycanda lider-xalq birliyi güclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir: «Mən əminəm ki, məhz bütün bu və digər uğurlara görə, müdrik xalqımız mövcud inikişafın davamlı olmasını istəyərək cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər.»
Milli Məclisin deputatı Şahin İsmayılov çıxışında vurğulayıb ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında isə 4,1 dəfə artım var. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması 51 faizdən 93 faizə çatdırılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Maaşlar 5, pensiyalar 8 dəfə artıb. İşsizlik 5 faiz təşkil edir, yoxsulluq 50 faizdən 5,4 faizə enib. Bu yaxınlarda dövlət başçısı tərəfindən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artırılması əhalinin rifah halını daha da yüksəldəcək. Bütün bunların növbəti illərdə də davam etməsi yalnız cənab İlham Əliyevin yenidən dövlətimizə rəhbərliyi ilə mümkündür: «Mən buradakı qələbəliyi görəndən sonra bir daha əmin oldum ki, füzulilər bir nəfər kimi YAP-ın namizədini dəstəkləyəcəklər.»
Tədbirdə çıxış edən füzulilər bildirdilər ki, onların etimad göstərəcəyi real namizəd məhz cənab İlham Əliyevdir.