02/04/2018

Beyləqanlılar hamılıqla YAP-ın namizədinə etimad göstərəcəklər

YAP Mərkəzi Seçki Qərargahı Beyləqan rayon  şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun mərkəzində seçicilərlə Zirvə görüşü keçiriblər. Möhtəşəm görüşdə minlərlə seçici iştirak edib.

Zirvə görüşünü YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiev açaraq bildirib ki, bu görüşə belə çoxlu sayda seçicilərin qatılması bir daha göstərir ki, beyləqanlılar Prezident İlham Əliyevi sevir və onun ideya və siyasi fəaliyyətini bəyənirlər. O, beyləqanlıları 11 apreldə YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Zirvə görüşündə Milli Məclisin deputatları Şahin İsmayılov, Astan Şahverdiyev, Metrologiya İnstitutunun direktoru Saleh Səmədov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı müsbət işlər əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradıb. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıqdır. Bu isə güclü ordumuzun yaranmasına, peşəkar zabit kadrların yetişməsinə geniş imkanlar yaradır.

Görüşdə çıxış edən beyləqanlılar bildiriblər ki,  11 aprel prezident seçkilərində hamılıqla YAP-ın namizədinə etimad göstərəcəklər.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR