07/04/2018
Sabunçu sakinləri tarixi nailiyyətlərin davamına səs verəcəklər
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunda seçicilərlə izdihamlı görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva sabunçuluların seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.
Sonra Milli Məclisin deputatlarından Eldar Quliyev və Dilarə Cəbrayılova, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və «İrəli» İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış ediblər. Çıxışlarda bildirilib ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Odur ki, xalqımız son 15 ildə qazanılmış nailiyyətlərin davamına səs verəcək.
Vurğulanıb ki, Sabunçu sakinləri həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.