28/03/2018
Gəncədə “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyasının 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu, səhiyyə işçiləri, ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbiri YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb.
AMEA-nın akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, səhiyyə işçilərindən Əlikram Məmmədov, Nazim Əhmədov, Aynur Abdullayeva çıxış edərək, ölkəmizdə, eləcə də Gəncədə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb ocaqlarının tikilərək istifadəyə verilməsi, avadanlıqlarla təminatın müasir tələblər səviyyəsinə çatdırılması, yüksək ixtisaslı kadrların hazırlanması, əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması dövlət başçısı İlham Əliyevin biz tibb işçiləri qarşısında qoyduğu ən vacib tələblərdən biri olduğunu diqqətə çatdırıblar.
Çıxış edən səhiyyə işçiləri bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, qarşıdakı 7 il ərzində daha güclü və qüdrətli Azərbaycan naminə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.