28/03/2018
Azərbaycan Rus İcmasının üzvləri İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin üzvləri ilə keçirilib.
Öncə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar və Rusiyada baş vermiş yanğın zamanı həlak olmuş insanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan rusları inkişaf strategiyası ümummilli lider Heydər ƏIiyev tərəfindən müəyyən olunmuş demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır.
Çıxış edən Azərbaycan Rus İcmasının rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin deyib ki, biz müstəqil, dinamik inkişaf edən Azərbaycanın müasir tarixinə birlikdə daxil olmuşuq. Bizim üçün doğma olan bir ölkənin həyatına və tərəqqisinə töhfə verməyə çalışırıq: “Dünya tarixinin böyük şəxsiyyəti ulu öndər Heydər Əliyevin layiqli varisi və işinin davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün görünməmiş iqtisadi yüksəliş və tərəqqi yolundadır. Azərbaycanın beynəlxalq məkanda ön mövqeyə çıxması, Bakının mühüm beynəlxalq görüşlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Uzaqgörən, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bütün Cənubi Qafqazda aparıcı dövlətə çevrilib. Bu gün ölkəmiz dünya sisteminin formalaşması prosesinin fəal iştirakçısıdır və beynəlxalq aləmdə onun nüfuzu şübhəsizdir. Bütün Azərbaycan xalqı kimi Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti seçkilərində Rus İcması layiqli namizəd kimi cənab İlham Əliyevi yekdilliklə dəstəkləyir. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar edirik”.
Tədbirdə çıxış edən Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, rayon sakini Viktoriya Vasilyevna, Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Roman Boriskin və başqaları bildiriblər ki, Azərbaycanda rus millətinin nümayəndələrinə çox hörmət olunur. Ölkə ərazisində rusdilli məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr olunur, informasiya agentlikləri sərbəst şəkildə fəaliyyətlərini qurublar, ali məktəblərdə rus dilində tədris proqramları mövcuddur, rus millətindən olanlar işə götürülərkən heç bir məhdudiyyətlə rastlaşmırlar. Ruslar müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və bunun müqabilində gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər. Bütün bunlar isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində mümkün olub. Ona görə də, Azərbaycan Rus İcmasının üzvləri bu dəfəki Prezident seçkilərində də fəal olacaq, səsvermə məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcək.