28/03/2018
Şamaxıda 10 min nəfər "İlhamla irəli" dedi
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsi Şamaxı şəhərindəki Olimpiya İdman Kompleksində mitinq-konsert keçirib.
Mitinqdə YAP Mərkəzi Seçki Qərargahının üzvlərindən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli iştirak ediblər.
Tədbiri YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq son 15 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrindən bəhs edib:Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Şamaxı seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar.»
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının üzvləri cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 il ərzində ölkəmizin inkişaf göstəricilərinə görə Cənubi Qafqazın ən güclü ölkəsi olmasından və respublikamızın beynəlxalq arenadakı yüksək nüfuzundan bəhs ediblər. YAP Mərkəzi Seçki Qərargahının üzvləri cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimizin daha da artacağını, ölkəmizin daha yüksək qələbələrə imza atacağını nəzərə çatdırıblar.
Mitinq konsert proqramı ilə davam etdirilib.
Mitinqdə iştirak edən 10000 nəfərə qədər Şamaxı seçicisi bir daha cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər.