23/03/2018
Ağdamlı seçicilər Prezident İlham Əliyevi dəstəkləyir
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı rayonun Quzanlı qəsəbəsindəki Ağdam Olimpiya İdman Kompleksinin stadionunda geniş ümumrayon tədbiri keçirib. Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, ümumilikdə 5000 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev öncə prezident seçkiləri haqqında məlumat verib.
Yeni Azərbaycan Partiyasının bu seçkilərə də mütəşəkkil qaydada hazırlaşdığını, partiyamız tərəfindən cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürüldüyünü deyən rayon təşkilatının sədri son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib.
Sonra partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında ətraflı məlumat verən Allahverən Əliyev qeyd edib ki, xalqımızın bu proqramı dəstəkləyəcəyinə və bu dəfə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur: "Çünki Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Xalqımız, o cümlədən ağdamlı seçicilər son 15 ildə əldə edilən nailiyyətlərin davamına səs verəcəklər".
Daha sonra çıxış edən rayon təbliğat qrupunun sədri Hüseyn Bayramov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev son 15 ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə uğurların əldə edildiyini bildiriblər. Bu uğurlardan Ağdam rayonuna da pay düşdüyü vurğulanıb. Qeyd edilib ki, müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Ağdam da inkişaf edib. Öz növbəsində bu inkişafın nəticəsini hər bir ağdamlı öz həyatında hiss edir. Buna görə də ağdamlı seçicilər aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər.
Tədbir respublikamızın incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.