07/04/2018
Qubalılar da öz seçimlərini etdilər
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Quba şəhərində seçicilərlə zirvə görüş keçirib.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətinin inkişafı üçün həyata keçirdiyi uğurlu siyasətdən, həmçinin rayonda gedən abadlıq-quruculuq işlərindən danışıb. Yusif Abidov qeyd edib ki, cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf edən və insanların təhlükəsiz yaşadığı ölkələrdən birinə çevrilmişdir.
Seçicilərlə görüşdə iştirak edən qonaqlardan YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatı İlham Əliyev, AMEA-nın müşaviri Qərib Məmmədov və başqaları çıxış edərək qeyd etdilər ki, 15 il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin nəticəsidir. Ona görə də biz yenə də “İlhamla irəli!” deyərək cənab İlham Əliyevə səs verməliyik.
Daha sonra tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.