02/04/2018

Binəqədi rayonunda gənc seçicilərlə görüş keçirilib

 

01 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçicilərlə görüş keçirildi.

Görüşdən öncə iştirakçılar rayon təşkilatı tərəfindən hazırlanmış və cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası zamanı təqdim edilən videoçarxlara baxdılar. Qeyd edək ki, videoçarxlarda dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, eləcə də Binəqədi rayonunda həyata keçirilən uğurlu islahatlardan bəhs edilib.

Daha sonra görüş rəsmi hissə ilə davam etdirildi. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində bütün gənc seçiciləri seçkilərdə fəal iştirak etməyə və cənab İlham Əliyevin uğurlu siyasətinə səs verməyə çağırdı.

Çıxış edənlərdən Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxışında Azərbaycanda gənclərin hərtərəfli inkişafı – siyasi, ictimai, mədəni, idman, elm, beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunmaları, onların bilikli, təhsilli, bacarıqlı gənclər olaraq yetişmələri, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən islahatlar haqqında məlumat verdi. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşdığını bildirərək gənclərimizi onlara olan bu inamı, etimadı doğrultmağa, Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.

 Görüşün sonunda çıxış edən gənc seçicilərdən – Zəhra Əliyeva, Zaur Quliyev və başqaları ölkəmizdə gənclər üçün yaradılan şəraitdən razı olduqlarını, gənclərin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirdilər. Bu sabitliyi, əmin-amanlığı yaradan dövlət başçısı cənab İlham Əliyevə daim dəstək olacaqlarını və sabitliyə, inkişafa səs verəcəklərini söylədilər.

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR