İQTİSADİ SİYASƏT

Ölkəmizdə köklü iqtisadi islahatlar aparılır. Bölgələrdə infrastruktur layihələri həyata keçirilir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.

 

  • Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq.
  • Əvvəlki illərdə olduğu kimi, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək.
  • Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. Biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük.
  • Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı gücləndirəcək.
  • Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq.


İqtisadiyyatın

  • qeyri-neft sektoru 2,7 faiz,
  • sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz,
  • kənd təsərrüfatı 4,1 faiz,
  • valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. 

 

İQTİSADİ GÖSTƏRİCİLƏR

 

  • On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir.
  • İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir.
  • Qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Azərbaycanın iqtisadi inkişafı çoxşaxəlidir.
  • Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir.
  • Sənaye sahəsində 2,6 dəfə artım var.
  • Kənd təsərrüfatında 1,7 dəfə.
  • Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları.
  • Yalnız 2017-ci il ərzində 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir. Bu il də hədəf 100 min hektardır. Beləliklə, biz suvarılmayan torpaqlara həyat gətiririk, su gətiririk, fermerlərə, sahibkarlara şərait yaradırıq və kənd təsərrüfatımızın inkişafına nail oluruq.

 

Valyuta

2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt yaxşı bilirdik ki, bu proqram çox böyük vəsait tələb edəcək. Maliyyə imkanlarımız o qədər də geniş deyildi. Cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. 

2018-ci ildə isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir.

Ona görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir.

 

İnvestisiya

14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. 

Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir. 2017-ci ildə 14,6 milyard dollar sərmayə qoyulub, 2018-ci ildə il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq.

 

Biznes

Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Nəzərə almalıyıq ki, 14 ilin əsas hissəsində manatın məzənnəsi dollara nisbətən daha da yüksək idi. Ona görə bu iki milyard manat ən azı iki milyard dollar deməkdir. 

 

AZƏRBAYCAN – AVRASİYANIN NƏQLİYYAT QOVŞAĞI

 

A) Hava nəqliyyatı

Ölkəmizdə yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. 

B) Su nəqliyyatı

Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edildi. Bu gün biz bütün növ gəmiləri istehsal edə bilərik. Artıq gəmiqayırma zavodu önəmli, böyük sifarişlər icra edir. Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır. Bu liman olmadan biz nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilə bilməzdik.

C) Dəmir yolu

Bakı-Tbilisi-Qars dəmir yolu

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir.

 

Şimal-Cənub nəqliyyat dəhlizi

Biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə olan bütün məsələləri qısa müddət ərzində həll etdik.

Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.

Beləliklə, beynəlxalq əməkdaşlığa gözəl şərait yaratmışıq. Dəmir yolunun yenidən qurulması istiqamətində işlər görülüb, görüləcək və biz bu barədə danışacağıq.

 

Avtomobil yolu

Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilmişdir.

Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik.

 

ENERGETİKA

 

İnfrastruktur layihələri

  • 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başladıq. Çünki infrastruktur olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Elektrik təsərrüfatına böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası olmuşdur. 
  • Əgər biz 2004-cü ilə qədər elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq.
  • Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik.
  • Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur.

 

Regional enerji layihələri

Neft sektoru

  • “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək.
  • Gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur.

1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan “Əsrin müqaviləsi”dir.

İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

“Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

 

Qaz sektoru

2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51% idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93%-ə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək.

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirildi.

Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilir.

- 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verildi və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlandı;

- 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatic-Pipeline) layihəsini seçdi və hazırda kəmərin çəkilməsi istiqamətində işlər davam etdirilir.

Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verir, Azərbaycan qazını Avropa bazarına çıxarır və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu açıq ifadə edir.

Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.

 

  • Nəhəng enerji layihələri qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik. Həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən bütün maliyyə resursları təmin edilib.
  • Azərbaycan öz liderlik missiyasını uğurla həyata keçirir.
  • Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk.
  • “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq.
  • Cənub Qaz Dəhlizi artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.

 

TURİZM

 

2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artmışdır, keçən il isə əlavə daha 20 faiz artım olmuşdur və rekord səviyyəyə çatmışdır. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlmişdir. Bu, çox müsbət haldır. Bunun səbəbləri var, - əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir.

Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır. Budur, bizim siyasətimizin nəticələri.