XARİCİ SİYASƏT

Müstəqil xarici siyasət

Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır.

 

Dünyada yerimiz:

  • Bizim xarici siyasətimizlə bağlı apardığımız xətt özünü tam doğrultdu.
  • Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Bizim dostlarımızın sayı artır, bizi dəstəkləyən ölkələrin sayı artır.
  • Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq.

 

Prinsiplərə sadiqlik

  • 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına üzv kimi dəstəklədi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi biz öz siyasətimizlə qazanmışıq. O siyasət ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.
  • Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik.

 

Qonşularla münasibət

  • Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.

 

Müsəlman aləmində yerimiz

  • Müsəlman aləmində Azərbaycan çox böyük dəstəyə malik olan bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir.
  • Müsəlman aləmində birlikdən danışmaq mümkün olmasa da, biz öz səylərimizlə bu birliyə aparan yolda çox fəal iş görürük.
  • İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman aləmində çox yüksək qiymətləndirilib.
  • Müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla həyata keçirir.
  • Biz bundan sonra da çalışmalıyıq ki, həmrəyliyi möhkəmləndirək, xoşagəlməz tendensiyalar səngisin.

 

Avropa ilə münasibətlərimiz

  • Avropa ölkələri ilə bizim yaxın münasibətlərimiz var.
  • Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlamışdır. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir.
  • Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır.
  • Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik.