14/02/2018

Azərbaycan QHT-lərinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri yüksək qiymətləndirirlər

Fevralın 14-də Bakıda qeyri-hökumət təşkilatlarının ümumrespublika konfransı keçirilib.

Konfransı açan Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. O qeyd edib ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində beynəlxalq arenada nüfuzu artan Azərbaycan söz sahibinə çevrilib. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Bu da Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrilməsindən xəbər verir.

Bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində əsas yeri əhalinin sosial rifahının yaxşılaşdırılması, vətəndaş cəmiyyətinin inkişafı tutur. Vətəndaş cəmiyyətinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri yüksək qiymətləndirirlər və bundan sonra da respublikamızın inkişafı istiqamətində atılacaq hər addımda dövlətimizin başçısını dəstəkləyəcəklər.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışıb. O bildirib ki, Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün son illər xeyli işlər görülüb.

Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, məhz bunun nəticəsində bu gün Azərbaycan incəsənəti özünün intibah dövrünü yaşayır.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib ki, bu gün Azərbaycan regionda sürətli inkişafı və sabitliyi ilə seçilən bir dövlətdir. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, bir çox dövlətlərə nümunə göstərilir. Bir ölkənin bu səviyyəyə gəlib çatması onun liderinin doğru seçilməsindən, həmin liderin verdiyi vədlərə sadiq qalmasından, xalq qarşısında məsuliyyəti dərk etməsindən asılıdır. Azərbaycanın bugünkü inkişafı və sabitliyi Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, ölkəmizdəki nailiyyətlərin daha da artması üçün hər birimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. İnanırıq ki, işğal altında olan torpaqlarımız tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunacaq və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Biz Azərbaycanın sürətli inkişafına, sabitliyinə və parlaq gələcəyinə səs verməliyik.

Konfransda çıxış edən müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

Sonda Azərbaycan qeyri-hökumət təşkilatlarının ümumrespublika konfransı nümayəndələrinin prezident seçkiləri ilə bağlı müraciəti qəbul edilib.

Müraciətdə bildirilir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Aparılan uğurlu siyasət nəticəsində bu gün ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dinamik inkişaf müşahidə edilir. Bu inkişafın əsasında, ilk növbədə, sabitlik dayanır.

Son illərdə dünyanın müxtəlif yerlərində baş verən qanlı toqquşmalar, vətəndaş müharibələri, xarici hərbi müdaxilələr bir daha göstərir ki, sabit ictimai vəziyyət hər bir dövlət üçün ən qiymətli amildir. Ölkəmizdə sabitliyin qorunması xalq-iqtidar birliyinin əsas təzahür formalarından biridir. Bu siyasətin mərkəzində isə ölkə vətəndaşları, onun problemləri, qayğıları və rifahı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə xalqın, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.

Müraciətdə qeyd edilir ki, bu gün Azərbaycan demokratik dövlət olaraq dünyanın inkişaf etmiş ölkələri arasında xüsusi yer tutur. Ölkəmizdə bütün azadlıqların – söz, mətbuat, sərbəst toplaşma, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, həmçinin vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yaradılmış münbit şərait Azərbaycanın daha böyük sürətlə inkişaf edəcəyini göstərir.

Bu gün dünyaya müasir multikulturalizm modelini təqdim edən Azərbaycan beynəlxalq aləmdə multikultural ideyaları təbliğ edən nümunəvi ölkə kimi tanınır. Aparılan uğurlu siyasət söyləməyə əsas verir ki, bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaqlar. Uğurlu siyasətin nəticəsi olan bütün bunlar ölkəmizin inkişafına böyük töhfədir.

“Ümumrespublika konfransının nümayəndələri Azərbaycan vətəndaşlarını aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, ölkəmizin işıqlı sabahı, xalqımızın gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırırlar”, - deyə müraciətdə qeyd edilir.

Diqər

26/03/2018

Qarabağ vetaranları İlham Əliyevi yekdilliklə dəstəkləyirlər

14/02/2018

Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqətlə yanaşır

14/02/2018

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

14/02/2018

Ağsaqqallar Şurasının iclasında prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət qəbul olunub

14/02/2018

Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb

12/02/2018

Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib

09/02/2018

9 fevral 2018-ci il - M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantı keçiriblər

09/02/2018

9 fevral 2018-ci il - Azərbaycan Milli Paralimpiya Komitəsi prezident seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib

08/02/2018

8 fevral 2018-ci il - Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib

05/02/2018

5 fevral 2018-ci il -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı keçirilib