27 dekabr 2008-ci il - Beynəlxalq Muğam Mərkəzinin açılışı baş tutdu
Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Mən çox şadam ki, biz bu gözəl mərkəzi, Muğam Mərkəzini istədiyimiz kimi tikə bilmişik. Bir də demək istəyirəm ki, burada işlər çox böyük zövqlə, məhəbbətlə aparılıbdır. Bu tikintidə iştirak edən insanların zövqü yüksəkdir. Eyni zamanda, əlbəttə ki, belə gözəl və böyük layihə çox geniş müzakirələr nəticəsində yaradılmışdır. Ümid etmək istəyirəm ki, bu gözəl binada bizim muğamımız səslənəcək, bu binada çıxış edən gənc ifaçılarımız öz məharətini göstərəcəklər.
Azərbaycan xalqı çox istedadlı xalqdır və muğam sənəti böyük istedad tələb edir. Muğamı gözəl ifa etmək üçün çox böyük istedad olmalıdır və bu istedad bizdə var. Bizim qədim tariximiz, qədim mədəniyyətimiz var. Bu mədəniyyət bu gün dünya üçün də açılır, dünya bizi daha da yaxşı tanımağa başlamışdır.