Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri işə düşdü
Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alacaqdır. BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulmuşdur. Lakin Qazaxıstanın BTC-yə qoşulması bu ölkəyə də neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarmağa imkan verəcəkdir.