“Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.”