“Şahdəniz” yatağının "Mərhələ-2" layihəsi üzrə yekun investisiya qərarı imzalandı
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulurDU. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.